BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNİ DAVAM ETDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyinin və Bakı Elm-Tədris Mərkəzinin YUNESKO-nun informasiya cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xalça təsvirlərinin rəqəmli texnologiyalardan istifadə etməklə etibarlı və açıq mənbələrdə qorunub saxlanılması” mövzusunda noyabrın 30-da Bakıda başlayan beynəlxalq konfrans dekabrın 1-də İçərişəhərdəki Bədii sərgi salonunda davam etdirilmişdir.
Konfransda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi Xədicə Əsədova “Böyük İpək yolu ənənələrinin Azərbaycan xalça sənətində təzahürü”, sənətşünaslıq namizədi Nərminə Tağıyeva “Azərbaycan xalçalarının bədii tərtibatında Uzaq Şərq motivləri”, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun elmi işçisi Şirin Məlikova “Azərbaycan orta əsr parçaları üzərində xalça ornamentləri” mövzularında məruzə etmişlər.
Məruzələrdə xalqın milli dəyərlərinin zənginliyi, etiqadı, bədii zövqü, həyat fəlsəfəsi, siyasi-iqtisadi durumu, onun yaratdığı ornamentlər vasitəsilə də müəyyən edildiyi vurğulanmışdır. Azərbaycanın milli incəsənəti tarixində bu amilləri özündə yaşadan sənət növlərindən biri də xalçaçılıqdır. Eramızdan əvvəl II əsrdən başlayaraq XV-XVI əsrədək Çindən Aralıq dənizinə qədər onlarca ölkənin ticarətlə yanaşı, mədəni əməkdaşlığına xidmət etmiş qədim İpək yolu xətti müxtəlif xalqların xalça sənətində yeni ornamentlərin meydana gəlməsi və təkamülü prosesində də əhəmiyyətli rol oynamışdır.
Natiqlər orta əsrlərdən başlayaraq Böyük İpək yolu üzərində yerləşən xalqlar arasında istər ticarət, istərsə də mədəni sərvətlərin mübadiləsində Azərbaycanın fəal əlaqələndirici rolunu qeyd etmişlər. Azərbaycanın qədim şəhərlərindəki ərazilərdə aparılan qazıntılar zamanı tapılan Mərkəzi Asiyadan və Çindən ölkəmizə gətirilmiş ticarət məhsulları və incəsənət əsərləri buna əyani sübut kimi göstərilmişdir.
Beynəlxalq konfrans dekabrın 2-də öz işini davam etdirir.