BEYNƏLXALQ VALYUTA FONDU AZƏRBAYCANDA APARILAN İQTİSADİ İSLAHATLARIN ÜMUMİ SƏVİYYƏSİNDƏN RAZIDIR
Beynəlxalq təşkilatın nümayəndəsi əvvəlcə səfərinin məqsədini açıqlayaraq demişdir ki, respublikamızda həyata keçirilən yoxsulluğun azaldılması proqramının dördüncü mərhələsinin yekunlarını hökumətin üzvləri ilə birlikdə müzakirə etmişdir. Bu sahədə əhəmiyyətli irəliləyişlərin əldə edilməsi bizi sevindirir. Layihə üzrə tədbirləri davam etdirmək qərara alınmışdır.
Gələn ildən Beynəlxalq Valyuta Fondunun təklifi ilə enerji daşıyıcılarının qiymətlərinin dünya bazarı səviyyəsinə uyğunlaşdırılması istiqamətində respublika hökumətinin konkret tədbirlər görməyə razılaşması, həm də bu zaman əhalinin aztəminatlı təbəqəsinin əziyyət çəkməməsi üçün büdcə layihəsində minimum əmək haqqı və təqaüdlərin artımını, əlavə müavinətlərin ödənməsini nəzərdə tutması müsbət hal kimi qeyd olunmuşdur.
“Azərenerji”, “Azəriqaz” Səhmdar Cəmiyyətləri, Azərikimya Şirkətlərinə büdcədən ayrılan subsidiyaların azaldılması, əldə olunan vəsaitin təhsil və səhiyyənin inkişafına yönəldiləcəyi barədə irəli sürülən təkliflərin hökumət tərəfindən də dəstəkləndiyi bildirilmişdir.
Beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanın yaxın dövrdə qarşıda duran problemlərinin öyrənilməsi, qiymətləndirilməsi istiqamətində də xeyli iş gördüklərini diqqətə çatdırdı. Respublika hökuməti rəsmiləri ilə aparılan danışıqlarda bank, vergi, büdcə, özəlləşdirmə, dövlət idarəetmə sisteminin təkmilləşməsi, korrupsiyaya qarşı mübarizə, tenderlərin keçirilməsi, inhisarçılığın aradan qaldırılması, inflyasiya artımına yol verilməməsi, iqtisadiyyatda azad rəqabətin yaradılması, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması kimi məsələlərin də geniş yer tutduğu vurğulanmışdır.
Xüsusilə Neft Fondunun vəsaitlərinin xərclənməsindəki şəffaflıq, vaxtaşırı hesabatların açıqlanması, ayrılmış kreditlərin təyinatı üzrə xərclənməsi istiqamətində görülən tədbirlərin, dövlət qurumlarında statistik məlumatların hazırlanması mexanizminin səmərəliliyi yüksək qiymətləndirilmişdir.
Görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə müfəssəl məlumatları fondun rəhbərliyinə təqdim edəcəyini deyən müşavir, Azərbaycana ayrılacaq 6-cı kredit tranşının yaxın 3-4 həftə ərzində hökumətin atacağı addımların nəticəsindən asılı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu məsələ BVF-nin direktorlar şurasının dekabrın 22-də keçiriləcək iclasında həll ediləcəkdir.
Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri axırda jurnalistləri maraqlandıran suallara cavab vermişdir.