Biləsuvarda Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Biləsuvar, 25 fevral (AZƏRTAC). Azərbaycan xalqına qarşı mənfur düşmənlərimiz tərəfindən törədilmiş soyqırımı zamanı həlak olanların xatirəsini ehtiramla yad etmək məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış sərəncama əsasən hazırlanmış tədbirlər planı ilə əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun bütün ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş anım mərasimləri keçirilmiş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Rayon mərkəzi kitabxanasında mədəniyyət və turizm şöbəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş rəsm, foto, kitab, qəzet və jurnalların sərgisi təşkil edilmiş, tarix diyarşünaslıq muzeyində Xocalı faciəsini əks etdirən fotostend hazırlanmışdır.
Fevralın 25-də bütün təhsil ocaqlarında ilk dərslər soyqırımı zamanı xalqımızın başına gətirilmiş qanlı olaya həsr olunmuşdur.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirmişdir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur.
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin köməyi ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktı törətmişlər.
Mərasim iştirakçıları rayon rəsm qalereyasında Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olmuş, rayon mədəniyyət evində “Xocalı-qan yaddaşımız” sənədli filminə və ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.