Bilik Günündə Balaxanıdan Berkliyə uzanan yol
Bakı, 15 sentyabr, AZƏRTAC
Sanki bir il əvvəl yox, dünən idi... Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi” - 67 nömrəli tam orta məktəbdə daha bir tədris ili başlanırdı.
“Balakhani Operating Company LTD” hasilat şirkəti XIX əsrin sonunda Azərbaycan Neft Sənayedarlarının təşəbbüsü ilə təsis edilən bu məktəbə sələflərinin himayədarlıq ənənəsini davam etdirərək qonaq gəlmişdir. Məktəbə Azərbaycan və dünya ədiblərinin klassik əsərlərindən ibarət geniş kitab kolleksiyası ayrıca guşə şəklində hədiyyə olunurdu.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra XI sinif şagirdlərindən biri şirkətin prezidenti Rövşən Rzayevə yaxınlaşdı: “Mən sizə öz kitabımı hədiyyə etmək istəyirəm. Ümid edirəm bir gün mən də sizin kimi ABŞ-da təhsil alacağam, mən də Harvard məzunu olacam”.
Rövşən Rzayev məktəblini təbrik etdi və soruşdu: “Kitab nə barədədir?”
“Kitab “Old Chap Rudy” adlanır. İngiliscə yazmışam. Rudy köhnə radiodur. Restoranın vitrinində eksponat kimi saxlanılsa da, ruhu ilə dünyanı dolaşır”.
“Sən “Rudy”dən fərqli olaraq dünyanı bilik axtarışında özün dolaşmalısan”.
Onda bu qeydə təbəssümlə cavab verən 67 nömrəli məktəbin şagirdi Cəmil Şirinov düz bir il sonra tədris ilini doğurdan da, ABŞ-da başlayır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi kimi Cəmil dünyanın top 10 nüfuzlu ali təhsil ocaqlarından birində - Kaliforniyanın Berkli Universitetində Kompüter elmləri fakültəsinin tələbəsi adını qazanıb. O, olduqca rəqabətcil beynəlxalq qəbul prosesinin qalibi kimi dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin vaxtilə dərs dediyi sinif otaqlarında oxuyacaq.
Müəllifi olduğu kiçik kitabın arxasında Cəmil Şirinov yazırdı: “Mən, gələcəyin mühəndisi, romantiki və xəyalpərəstiyəm. Özümə və arzularıma inanıram”.
Cəmil kimi bu gün dərs ilinə başlayan minlərlə məktəbliyə də belə xəyalpərəst olmağı arzu edirik. Bilin ki, arxanızda hər zaman “qara qızılı”nı insan kapitalına çevirmək üçün çalışan müstəqil, güclü Azərbaycan dövləti var!