BİLL GEYTS TEZLİKLƏ CƏNGAVƏR OLACAQ
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Microsoft şirkəti direktorlar şurasının sədri Bill Geyts yaxın günlərdə cəngavər adına layiq görüləcəkdir. İngiltərə kraliçası II Yelizaveta ölkə iqtisadiyyatına töhfəsinə görə ona minnətdarlığını bu cür bildirmək qərarına gəlmişdir. Geyts ABŞ vətəndaşı olduğundan özü barədə “ser” müraciətindən istifadə edə bilməsə də, məktublarını BİC - Britaniya İmperiyasının ordenli cəngavəri abbreviaturası ilə imzalamaq hüququ qazanacaqdır.
Dünyanın ən iri kompüter texnologiyaları şirkətinin 48 yaşlı başçısı ona göstərilən bu diqqətdən çox məmnundur. Onun Britaniya qarşısında xüsusi xidmətlərinə gəldikdə isə bu, QİÇS-lə mübarizəyə ianələr verməsi, ölkədə fəaliyyət göstərən Microsoft şəbəkələrində, təxminən 2 min ingilisi işlə təmin etməsi və sairədir.