Binəqədi rayonunda lokomotiv deposunun ərazisində mərmi aşkarlanıb
Bakı, 2 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən lokomotiv deposunun ərazisində polis əməkdaşı tərəfindən mərminin aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı 23 millimetrlik zenit mərmisi olduğu müəyyənləşdirilib. Aşkarlanmış sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülüb.
Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.