Biofizika İnstitutunda Xocalı soyqırımı qurbanları anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov Xocalı faciəsinin Azərbaycan tarixinə qanlı bir səhifə kimi həkk olunduğunu vurğulayıb. O, bu dəhşətli hadisənin yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edib. Oktay Qasımov Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasının vacibliyini diqqətə çatdıraraq, faciənin dünyaya çatdırılmasında görkəmli jurnalist mərhum Çingiz Mustafayevin əvəzsiz rol oynadığını bildirib. O, jurnalistin çəkdiyi unikal görüntülərin Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, İnteqrativ Biologiya laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva “Xocalı soyqırımı: tarixin qara bir səhifəsi və Xocalının yeni siması” mövzusunda məruzə ilə çıxış edib. O, Xocalı faciəsinin dəhşətli nəticələrindən bəhs edərək bu hadisənin insanlığa qarşı törədilmiş soyqırım olduğunu diqqətə çatdırıb. Bildirib ki, Türkiyə, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina və digər ölkələr bu faciəni rəsmi olaraq soyqırım kimi tanıyıblar.
Aysel Əliyeva məruzəsində Xocalının yeni simasından da danışıb. O, 2020-ci il Vətən müharibəsindən sonra Xocalının da daxil olduğu işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını və Böyük Qayıdış Proqramı çərçivəsində soyqırım qurbanlarının ailələrinin doğma torpaqlarına qayıtmağa başladığını qeyd edib.
Daha sonra çıxış edən tibb üzrə fəlsəfə doktoru Azad Əbdürəhimov Xocalının yalnız faciə şəhəri kimi deyil, həm də dirçəlişin və gələcəyə nikbin baxışın simvolu kimi yenidən qurulduğunu bildirib. O, hər il Xocalı faciəsini anmağın vacibliyini vurğulamaqla yanaşı, gələcəyə ümidlə baxmağın da önəmli olduğunu qeyd edib.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.