Birinci yarımildə statistik vahidlərin sayı 190 min 813 olub

Bakı, 29 iyul, AZƏRTAC
2023-cü ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 4,4 faiz artaraq cari ilin iyulun 1-i vəziyyətinə 190 min 813 olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnformasiya və rabitə”, “Peşə, elmi və texniki fəaliyyət” və “Emal sənayesi” sahələrində nəzərəçarpacaq dərəcədədir. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Peşə, elmi və texniki fəaliyyət” və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (25 faiz),İran (11,5 faiz), Rusiya (7,1 faiz), Böyük Britaniya (4,2 faiz), ABŞ (1,6 faiz) və Almaniya (1,1 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş statistik vahidlərin 21,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 14,2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10,8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 9,9 faizi “Emal sənayesi”, 8,5 faizi “Tikinti”, 5,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 5,1 faizi “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 64,5 faizi Bakıda yerləşir. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 79,6 faizi Bakıda, 5,3 faizi Abşeron-Xızı, 4,1 faizi Naxçıvan Muxtar Respublikası, 1,8 faizi Lənkəran-Astara, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Naxçıvan Muxtar Respublikasında (14,2 faiz), Bakı şəhərində (5,4 faiz), Abşeron-Xızı iqtisadi rayonunda (3,6 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda (3,1 faiz), Qazax-Tovuz iqtisadi rayonunda (2,3 faiz), Gəncə- Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarında (hər birində 2 faiz) daha fəal olub.
Bu dövrdə Bakı şəhəri üzrə 199, Qazax-Tovuz iqtisadi rayonu üzrə 32, Abşeron-Xızı iqtisadi rayonu üzrə 30, Mərkəzi Aran iqtisadi rayonu üzrə 17, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 13, Şirvan-Salyan iqtisadi rayonu üzrə 11, Naxçıvan Muxtar Respublikası üzrə 10, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 8, Qarabağ və Mil-Muğan iqtisadi rayonlarının hər biri üzrə 7, Lənkəran-Astara iqtisadi rayonu üzrə 5, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 4 statistik vahid ləğv edilib.