BMT bütün fermerləri və kəndliləri tarlalarda əkin qalıqlarını yandırmamağa çağırır
Bakı, 3 sentyabr, AZƏRTAC
Ötən ilin sonunda Dehlidən uçuşlar ləğv edildi, minlərlə məktəb bağlandı, Hindistan paytaxtının sakinlərinə isə evdə qalmaq və ya maska taxmaq tövsiyə edildi. Düşünürsüz ki, orada artıq COVID-19 infeksiyası baş vermişdi? Xeyr, həmin tədbirlər havanın təmizlənməsi məqsədilə görülüb. Buna səbəb ölkənin şimalındakı fermerlərin yeni əkin yerləri hazırlamaq üçün payızda bitki qalıqlarını yandırdıqlarına görə havanın kəskin surətdə çirklənməsi olub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramındakı (UNEP) məlumatında hazırda Hindistanın havaya növbəti zəhərli tullantıları buraxmağa hazırlaşdığı bildirilir. Yanğınlar zamanı Dehlidə havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsiz hesab edilən səviyyədən 14 dəfə çox ola bilər. Bu zaman ölkənin böyük hissəsini örtəcək qatı dumanın hətta kosmosdan görünəcəyi ehtimal edilir.
Bu cəhətdən Hindistan nümunəsi unikal deyil. Təbii ki, dünyada hər il böyük sahələr yandırılır. Bu da öz növbəsində milyonlarla insanın ölümünə səbəb olan havanın çirklənməsinə gətirib çıxarır.
Bir çox kəndlilər tarlalarda əkin qalıqlarının yandırılmasını torpağın təmizlənməsi, gübrələnməsi və yeni əkin yerlərinin hazırlanması istiqamətində ən effektiv və səmərəli üsul hesab edirlər. Ekspertlərin fikrincə, əkin yerlərinin yandırılması nəticəsində baş verən meşə yanğınları insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olan ən böyük “qara” karbon qazı mənbələridir. Bu isə insanın ağciyər və qan dövranı sisteminə dərindən nüfuz edir, ürək, ağciyər, insult və bəzi xərçəng xəstəliklərindən ölüm riskini artırır ki, nəticədə hər il təxminən 7 milyon insan vəfat edir. UNEP ekspertləri zəhərli havanın COVID-19 xəstələri üçün ağır nəticələr verə biləcəyini istisna etmirlər.
Bundan əlavə, tarlalarda kənd təsərrüfatı məhsulları qalıqlarının yandırılması nəinki əkin artımını stimullaşdırmır, həm də rütubətin yığılmasını məhdudlaşdırır və torpağın məhsuldarlığını 25-30 faiz azaldır. Bu isə o deməkdir ki, fermerlər bahalı gübrə və suvarma sistemlərinə vəsait yatırmalıdırlar.
UNEP-in nümayəndələri fermerlərə əkin sahələrini tullantılardan təmizləmək üçün ekoloji cəhətdən təmiz, iqtisadi baxımdan səmərəli olan kənd təsərrüfatı üsulları axtarmağı təklif edirlər. Onların sırasına tarlanın küləşlə örtülməsi, hətta əkin işinin küləşli sahədə aparılması daxildir.