BMU-da Abşeron rayon məktəbliləri ilə görüş keçirilib





Bakı, 16 may, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə abituriyentlərlə görüş keçirilib. Görüşdə Abşeron rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, habelə BMU-nun professor-müəllim heyəti iştirak edib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev gənclər üçün doğru ixtisas, eləcə də ali məktəb seçiminin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu gün dünyada texnoloji sahədə sürətli dəyişikliklərin baş verdiyini, rəqəmsal texnologiyalara ehtiyacın artdığını deyən rektor BMU-da tədris olunan müasir ixtisasları diqqətə çatdırıb. Eyni zamanda, əsasən mühəndislik profilli universitetdə, informasiya texnologiyaları, iqtisadiyyat, logistika sahəsi üzrə peşəkar kadr hazırlığının həyata keçirildiyi, nəzəriyyə ilə təcrübənin birləşdirilməsi, tədqiqatların aparılması, startapların hazırlanması üçün mövcud maddi-texniki imkanlardan geniş bəhs edib. Rektor BMU ilə Koreyanın INHA Universiteti arasında birgə icra edilən ikili diplom proqramı, universitetin digər xarici ali məktəblərlə əməkdaşlığı, eləcə də son illərdə həyata keçirilən islahatlar nəticəsində təhsil ocağının beynəlxalq reytinqlərdə irəlilədiyini vurğulayıb. BMU-nun özəl müəssisələrlə əməkdaşlığından da danışan Yaqub Piriyev məzunların işlə təminatını, karyera yüksəlişlərini qeyd edib və abituriyentlərə yaxın günlərdə ali məktəblərə keçiriləcək qəbul imtahanlarında bol uğurlar arzulayıb.
Sonra çıxış edən şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova hər il rayonun müxtəlif məktəblərindən şagirdlərin qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini və onların uğurlarının hər kəsdə sevinc hissi doğurduğunu bildirib. Bu il də abituriyentlərin yaxşı ballarla ali məktəblərə qəbul olacaqlarına inamını ifadə edən Xatirə İsmayılova Abşeron rayonunda yerləşən yeganə ali təhsil müəssisəsi BMU-da təhsil almağın üstünlüklərindən danışıb. Eyni zamanda, 44 günlük Zəfərdə tarixi qələbəyə imza atmış qalib Azərbaycan gənclərinin üzərinə düşən vəzifələri vurğulayıb.
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə BMU-da müasir tələblərə cavab verən tədris proqramları, savadlı professor-müəllim heyəti, tədqiqat və təcrübə imkanları yaradan laboratoriyalar sayəsində kadr hazırlığının uğurla həyata keçirildiyini, universitet məzunlarının dövlət, qeyri-dövlət müəssisələrində işlə təminatının mümkünlüyünü bildirib və abituriyentləri doğru seçim etməyə səsləyib.
Sonra BMU-nun tanıtım filmi və universitetin rəqs kollektivinin ifasında qısa bədii proqram nümayiş etdirilib.
Ardınca abituriyentlər maraq göstərdikləri ixtisaslar üzrə dekan və kafedra müdirlərinin müşayiəti ilə ali məktəbin tədris korpusları, laboratoriyaları ilə yaxından tanış olublar.