BMU-İNHA ikili diplom proqramının 117 tələbəsi təhsilini Koreya Respublikasında davam etdirir
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində 117 tələbə sonuncu kursda təhsil almaq üçün Koreya Respublikasına yola düşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələri İnçon Beynəlxalq Hava Limanında İNHA Universitetinin nümayəndə heyəti qarşılayıb.
Qeyd olunub kiki, BMU-İNHA ikili diplom proqramı üzrə bakalavriat təhsili “3+1” modeli əsasında təşkil olunur. Tələbələr informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə ilk üç akademik ili BMU-da, sonuncu kursu isə İNHA Universitetində oxuyurlar.
Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edirlər.
Proqramın icrasına başlanıldığı vaxtdan indiyədək 256 tələbə BMU-İNHA İDP üzrə məzun olub.
BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.