BMU-nun magistratura proqramına “Radiorabitə, radioverilişlər və televiziya” ixtisaslaşması əlavə olunub
Bakı, 9 iyul, AZƏRTAC
2026/2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisasının “Radiorabitə, radioverilişlər və televiziya” ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, magistratura ixtisaslarının dövlət təsnifatında yer alan bu ixtisaslaşma ölkədə müasir telekommunikasiya, radio və televiziya yayımı sahələri üçün yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına xidmət edəcək.
Proqramın əsas məqsədi rəqəmsal transformasiya dövrünün tələblərinə uyğun olaraq radio və televiziya yayımı, simsiz rabitə sistemləri, multimedia texnologiyaları, radiotexnika və telekommunikasiya infrastrukturu sahələrində peşəkar mütəxəssislər yetişdirməkdir. Məzunlar televiziya və radioyayım şirkətlərində, mobil rabitə operatorlarında, telekommunikasiya müəssisələrində, elmi-tədqiqat institutlarında, dövlət qurumlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərmək üçün zəruri nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.
Qeyd olunub ki, tədrisin ilkin mərhələsində radiotexnikanın nəzəri əsasları, siqnallar və sistemlər, rəqəmsal rabitə, elektromaqnit dalğalarının yayılması, antena-fider qurğuları, radioötürücü və radioqəbuledici sistemlər, televiziya və radio yayımının texnoloji əsasları tədris olunacaq. Sonrakı mərhələdə isə magistrantlar simsiz rabitə şəbəkələri, rəqəmsal televiziya sistemləri, peyk və mobil rabitə, proqram təminatlı radio (SDR), IP əsaslı yayım texnologiyaları, şəbəkələrin layihələndirilməsi, elmi tədqiqat metodları və innovativ mühəndis həlləri üzrə ixtisaslaşacaqlar. Tədris prosesi müasir təhsil yanaşmaları əsasında təşkil olunacaq. Dərslərdə layihəəsaslı və probleməsaslı öyrənmə metodları, laboratoriya və simulyasiya məşğələləri, müasir proqram təminatlarından istifadə, praktik layihələrin hazırlanması, sənaye müəssisələri ilə əməkdaşlıq və tədqiqatyönümlü fəaliyyətə üstünlük veriləcək. Bu yanaşma magistrantların nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradacaq.
Tədris planına radiotexnika, rəqəmsal rabitə sistemləri, radioveriliş və televiziya texnologiyaları, telekommunikasiya şəbəkələri, antena sistemləri, mikrodalğa texnikası, siqnalların rəqəmsal emalı, optik və mobil rabitə sistemləri, informasiya təhlükəsizliyi, elmi-tədqiqat metodologiyası, layihələrin idarə olunması və digər ixtisas fənləri daxil edilib.
Proqram çərçivəsində magistrantlar istehsalat və pedaqoji təcrübə də keçəcəklər. İstehsalat təcrübəsi zamanı onlar telekommunikasiya və yayım müəssisələrində real layihələr üzərində çalışaraq peşəkar təcrübə qazanacaq, pedaqoji təcrübə müddətində isə ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunacaqlar. Təcrübələrin nəticələrinin magistrlik dissertasiyasının hazırlanmasına və məzunların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyi bildirilir.