Bolnisidə azərbaycanlı akademikin xatirəsi anılıb
Tbilisi, 1 iyul, AZƏRTAC
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində görkəmli riyaziyyatçı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də akademik Zahid Xəlilovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Rezo Həsənov bildirib ki, akademik Zahid Xəlilovun xatirəsinin Gürcüstanda, ilk dəfə məhz Bolnisidə anılması təsadüfi deyil. Qeyd olunub ki, görkəmli alim 1911-ci il yanvarın 14-də Borçalı mahalının Saraçlı kəndində (indiki Bolnisi rayonu) anadan olub, uşaqlıq və ilk təhsil illərini doğma kəndində keçirib. Daha sonra təhsilini Tbilisidə davam etdirib. Nəriman Nərimanov adına Pedaqoji Texnikumu bitirdikdən sonra, 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1932-ci ildə oranı uğurla başa vurub. 1937–1940-cı illərdə isə Tbilisidə aspirantura təhsili alıb.
Vurğulanıb ki, Zahid Xəlilov funksional analiz, diferensial tənliklər, elastiklik nəzəriyyəsi və tətbiqi riyaziyyat sahələrində mühüm elmi nailiyyətlər əldə edib, Azərbaycanda funksional analiz məktəbinin banilərindən biri və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru kimi elm tarixində mühüm yer tutub. O, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib, 1957–1959-cu illərdə akademiyanın vitse-prezidenti, 1962–1967-ci illərdə isə prezidenti vəzifəsində çalışıb. Elmi xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri, "Əməkdar elm xadimi" fəxri adı və digər yüksək dövlət təltiflərinə layiq görülüb.
Rezo Həsənov diqqətə çatdırıb ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi gələcəkdə akademik Zahid Xəlilovun irsinin təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Bolnisidə onun adına ənənəvi riyaziyyat olimpiadasının keçirilməsi, məktəblilər arasında elmi biliklərin təşviqinə xidmət edən müsabiqələrin təşkili və akademikin həyat və fəaliyyətinə həsr olunmuş maarifləndirici tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov, Faxralı 2 saylı ictimai məktəbinin sabiq direktoru, "Şərəf" ordenli Bayram Abbasov, Dəllər, Abdallı və Qoçulu ictimai məktəblərinin müəllimləri və gənclər çıxış edərək akademik Zahid Xəlilovun zəngin elmi irsindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar bildiriblər ki, Zahid Xəlilov kimi dahi elm adamlarının həyat və fəaliyyətinin gənc nəslə tanıdılması hər bir ziyalının mənəvi borcudur. Vurğulanıb ki, belə şəxsiyyətlərin xatirəsinə həsr olunan tədbirlər gənclərin elmə marağının artırılmasına, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərin vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, qeyd olunub ki, Bolnisidə akademikin adına riyaziyyat olimpiadasının keçirilməsi onun xatirəsinin yaşadılması ilə yanaşı, istedadlı şagirdlərin üzə çıxarılmasına və riyaziyyat elminə marağın daha da artırılmasına xidmət edəcək.
Daha sonra Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin bir qrup könüllüsü tədbirin təşkilində və fəal iştirakına görə xüsusi sertifikatlarla təltif olunublar.