DÜNYA
Bosniyada daha üç hərbi cani mühakimə edilib
![Bosniyada daha üç hərbi cani mühakimə edilib](/files/2020/3/1200x630/16015436404910063140_1200x630.jpg)
Bakı, 1 oktyabr, AZƏRTAC
Balkanlarda müharibə illərində bosniyalı və xorvatiyalı mülki məhbuslarla qeyri-insani rəftarına görə daha üç hərbi cani - Miodraq Qrubaçiç, Boris Bosnyak və İliya Caciç Bosniya Məhkəməsi tərəfindən toplam 21 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, birinci instansiya məhkəməsi bu şəxsləri 1992-ci ildə Mosa-Picade kazarmasında mülki şəxslərlə amansız rəftar etməkdə təqsirkar hesab edib. Bosnyak 10 il, Qrubaçiç 5 il, Caciç 6 il həbs cəzasına məhkum olunub.
Məhkəmənin sədri hakim Yasmina Çoşiç Dedoviç deyib: “Bosnyak de-fakto müşahidəçi, Qrubaçiç və Caciç isə mühafizəçilər qismində əsirlərə fiziki və psixoloji zor tətbiq edib, onlara münasibətdə digər qeyri-insani əməllər törədiblər”.
Dedoviçin sözlərinə görə, bu hər üç cani bosniyalı serblərin ordusunda xidmət edib.
Dördüncü müttəhim Miloş Mavrak məhkəmədə bəraət qazanıb, çünki məhkəmə Mavrakın düşərgədə gözətçi olub-olmamasını və məhbuslara işgəncə verib-verməməsini müəyyən edə bilməyib.
Bu canilərin əməllərindən zərər çəkən mülki şəxslər öz evlərində tutulub saxlanılıb və kazarmalara gətiriliblər. Cinayətkarlar saxlanılmış şəxsləri döymək və elektroşokerlərdən istifadə etmək yolu ilə onlara fiziki və mənəvi əzab veriblər.
Birinci instansiya məhkəməsinin hökmündən şikayət verilə bilər.