Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir öncəsi institutun əməkdaşları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, baş direktor professor Səyyarə İbadullayeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Professor çıxışında Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və böyük xilaskarlıq missiyası barədə məlumat verib.
Biologiya elmlər doktoru, professor Şakir Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışıb. Professor qeyd edib ki, Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.