Botanika İnstitutunun əməkdaşları ibtidai bitkilərin monitorinqini aparıblar
Bakı, 18 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları tematik plana əsasən Azərbaycanın cənub hissəsi (Lerik rayonu) və Böyük Qafqazın şimal-qərb hissəsinin (Qax rayonu) yosun və mamır florasının biomüxtəlifliyinin müqayisəli təhlilinin aparılması üçün öncə Qax rayonunda geniş monitorinqlər aparıblar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı alqofloranın öyrənilməsi, rayonda yayılan mamır növlərinin hazırkı vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün Qax rayonunun İlisu, Ağçay, Turaclı, Süskənd, Ləkit, Kötüklü, Almalı, Əmircan və Marsan kəndləri ərazisindən 10 marşrut üzrə 23 alqoloji və 27 brioloji nümunələr toplanılıb, identifikasiya olunması üçün laboratoriyaya gətirilib. Təyin olunmuş növlərlə Lerik rayonunun alqoflorası arasında müqayisəli təhlil aparılacaq.