SİYASƏT
Böyük Britaniya Parlamentində Azərbaycanda mina probleminə həsr edilmiş tədbir keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/1666250777248264272_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666250777479616874_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16662507773482648920_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666250777811715804_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666250777244501743_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16662507771914253684_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16662507783032537158_1200x630.jpg)
London, 20 oktyabr, AZƏRTAC
Bu gün Böyük Britaniya Parlamentində Azərbaycanda mina problemi və işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Parlamentin İcmalar Palatasında Partlayış Təhlükələri üzrə Parlament Qrupu və Azərbaycanın Londondakı səfirliyinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə parlament üzvləri, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin rəsmiləri, ölkəmizdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş Birləşmiş Krallığın şirkət və təşkilatlarının nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Böyük Britaniya Parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord 30 il erməni işğalı altında qalan bölgələrdə aparılan işlər haqqında danışıb. O, bildirib ki, 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan bu günədək piyada və tank əleyhinə minalar, həmçinin partlamamış hərbi sursatların partlayışı nəticəsində 263 nəfər zərər çəkib, onlardan 44 nəfər həlak olub və 219 nəfər xəsarət alıb. Bu iki il ərzində 56 min hektardan çox ərazi ümumilikdə 73 mindən artıq mina və partlamamış hərbi sursatdan təmizlənib.
Parlamentin üzvü bu il aprel ayında Azərbaycanda mina probleminə həsr edilmiş beynəlxalq konfransında iştirakını və azad olunmuş Ağdamda aparılan minatəmizləmə və yenidənqurma işlərini öz gözləri ilə gördüyünü qeyd edib.
Həmçinin Offord söyləyib ki, Böyük Britaniya Azərbaycandakı partlayıcı qurğuların təmizlənməsi istiqamətində kadr və resursların təmin edilməsində böyük rol oynayır. Offord, Azərbaycanın minatəmizləmə sahəsində beynəlxalq səviyyədə mükəmməllik mərkəzinə çevrildiyini və bu təcrübənin dünyanın eyni problemlə üzləşmiş digər bölgələrində də istifadə edilməsini tövsiyə edib.
Daha sonra çıxış edən səfir Elin Süleymanov mina probleminin həllində Birləşmiş Krallığın dəstəyini, bu ölkənin şirkət və təşkilatlarının ölkəmizdə fəaliyyətini yüksək qiymətləndirib. Səfir mina probleminin həllinin ləngiməsində Ermənistan tərəfindən təqdim edilmiş xəritələrin dəqiqlik göstəricisinin aşağı olmasının rol oynadığını bildirib. O, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə beynəlxalq dəstəyin artırılmasının vacibliyini qeyd edərək, açıq qalan məsələlərin iki ölkə arasında yekun sülh sazişi ilə həllini tapacağına inamını ifadə edib.
Tədbirdə çıxış edən ANAMA-nın beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov işğaldan azad olunmuş ərazilərdə görülən işlər, mina qurbanları, təmsil etdiyi təşkilatın indiyə qədər əldə etdiyi irəliləyiş, qazanılmış qabaqcıl təcrübə haqqında tədbir iştirakçılarına məlumat verib.
Partlayıcı Silahlar üzrə Parlament Qrupunun yaradıcısı Nayc Elvey çıxış edərək Böyük Britaniyanın işğaldan azad olunan ərazilərdə görülən bütün işlərlə yanaşı mina təmizləmə işində də maraqlı olduğunu və hər cür köməyə hazır olduğunu bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London