Britaniyada qeyri-qanuni miqrasiya ilə bağlı yeni sərt addımlar açıqlanır
London, 16 noyabr, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud ölkədəki qeyri-qanuni miqrasiyanın ölkəni parçaladığını bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, nazir bazar ertəsi təqdim edəcəyi sığınacaq siyasətində yer alan genişmiqyaslı dəyişikliklərin təfərrüatı haqqında açıqlama verib. Yeni tədbirlərə əsasən, sığınacaq alan şəxslər daimi yaşayış üçün müraciət etməzdən əvvəl 20 il gözləməli olacaqlar. Bundan əlavə, onlara verilmiş qaçqın statusu müntəzəm olaraq yenidən qiymətləndiriləcək və əgər həmin şəxsin vətəni təhlükəsiz hesab olunarsa, onların geri qayıtması tələb olunacaq.
Şabana Mahmud qeyri-qanuni miqrasiya ilə mübarizəni mənəvi missiya adlandırıb. Hökumətin təklif etdiyi dəyişikliklərin məqsədi Böyük Britaniyanı qeyri-qanuni miqrantlar üçün daha az cəlbedici etmək, bununla da kiçik qayıqlarla La-Manş boğazından keçidlərin və sığınacaq müraciətlərinin sayını azaltmaqdır.
Tədbirlərin konkret detalları və praktiki tətbiqi isə Şabana Mahmud tərəfindən bazar ertəsi açıqlanacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London