BTİ rəsmisi: Rəqəmsal inqilab artıq gələcək konsepsiya deyil, bu günümüzü formalaşdıran reallıqdır
Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Bizim üçün üç əsas dəyər önəmlidir: insanlar, müstəqillik və firavanlıq. Texnologiya insanların rifahına xidmət etmirsə, onun mahiyyəti itir. Texnologiya yalnız insanların həyatını yaxşılaşdırdığı halda mənalı olur.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı – WTDC-25-in açılışı zamanı çıxışında deyib.
K.Zavazava tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanın qonaqpərvərliyindən təsirləndiyini və tədbir iştirakçılarının özlərini “evdəki kimi rahat” hiss etdiklərini vurğulayıb.
K.Zavazava konfransın MDB regionunda ilk dəfə keçirilməsinin tarixi əhəmiyyət daşıdığını qeyd edib: “Rəqəmsal inqilab artıq gələcək konsepsiya deyil, bu günümüzü formalaşdıran reallıqdır. Lakin bu inkişafın müsbət təsirləri hələ bütün dünya ölkələri üçün eyni səviyyədə təmin olunmayıb”.
Zavazava 2022-ci ildə Kiqalidə keçirilmiş WTDC-yə istinad edərək, həmin dövrdə 2,7 milyard insanın hələ də internetdən kənarda olduğunu xatırladıb. “Yeni statistik məlumatlar göstərir ki, bu rəqəm 2,2 milyarda düşüb və təqribən 6 milyard insan artıq internetdən yararlanır. Lakin bu irəliləyiş zəmanətli deyil”, – deyə o əlavə edib.
O qeyd edib ki, rəqəmsal bərabərsizlik artıq sadəcə infrastruktura çıxış məsələsi deyil, həm də rəqəmsal bacarıqlar, əlçatanlıq, məzmunun aktuallığı və təhlükəsizliklə bağlı kompleks çağırışdır: “Bəzi ölkələr süni intellekt kimi qabaqcıl texnologiyalara doğru irəlilədikcə, digərləri hələ də universal genişzolaqlı internet təmin etmək uğrunda mübarizə aparır. Bu konfrans həmin vəziyyəti dəyişdirmək üçün bir fürsətdir”.
Zavazava konfrans iştirakçılarını qarşılıqlı əməkdaşlığa və dayanıqlı rəqəmsal gələcəyin qurulması üçün birgə səylər göstərməyə çağırıb.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir. Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub.
Tədbir noyabrın 28-dək davam edəcək.