Bu gün Beynəlxalq Bioloji Müxtəliflik Günüdür
Bakı, 22 may (AZƏRTAC, Əziz Məmmədov). Mayın 22-də bütün dünyada Beynəlxalq Bioloji Müxtəliflik Günü qeyd edilir.
Beynəlxalq Bioloji Müxtəliflik Günü Bioloji Müxtəliflik haqqında Konvensiya (BMK) tərəfdarlarının 1994-cü ildə keçirilmiş konfransının tövsiyəsi əsasında 1995-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş xüsusi qətnamə ilə elan olunmuşdur.
Beynəlxalq Bioloji Müxtəliflik Gününün əsas məqsədi ictimaiyyətin diqqətini Yer kürəsində bitki aləminin və faunanın bir sıra növlərinin yox olması probleminə yönəltməkdir. BMT-nin Baş katibi hər il Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə geniş ictimaiyyətə müraciət edir.
Bioloji müxtəliflik dedikdə, planetdə bütün canlı aləmin müxtəlifliyi nəzərdə tutulur. Təəssüf ki, müasir dövrdə bioloji müxtəliflik sürətlə azalmaqdadır. Ayrı-ayrı bitki növləri, müxtəlif heyvanlar və meşələr yox olur. Bunun əsas səbəbi insanın təbiətə hədsiz fəal müdaxiləsidir.
BMT-nin ətraf mühitə və davamlı inkişafa həsr edilmiş konfransında (Rio-de-Janero, 1992-ci il) bütün dünya ictimaiyyətinə müraciətlə həm canlı aləmin, həm də ekoloji sistemlərin bioloji müxtəlifliyinin qorunub saxlanmasına birinci dərəcəli əhəmiyyət vermək təklif olunmuşdur.
Bununla əlaqədar, Bioloji Müxtəliflik haqqında Konvensiya qəbul edilmişdir. Bu gün dünyanın 200-ə yaxın dövləti həmin sənədə qoşulmuşdur. Konvensiyanın iştirakçısı olan ölkələrin məqsədləri aydındır: bioloji müxtəliflik komponentlərindən davamlı istifadə etmək və genetik resursların istifadəsindən bəhrələnmək.
Planetimizin bioloji müxtəlifliyi azalmaqda davam edir. Ekoloji tarazlıq isə daim dəyişikliklərə məruz qalır. Planetdə həyatın müxtəlifliyinin qorunub saxlanması uğrunda mübarizə üsullarından biri nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizə edilməsi, təbiətə qayğıkeş münasibət şəklində təzahür edir.
Beynəlxalq Bioloji Müxtəliflik Günü hər il müəyyən mövzuya həsr edilir: “Bio müxtəliflik və yoxsulluğa qarşı mübarizə - davamlı inkişaf üçün çağırışlar”, “Bio müxtəliflik: Dəyişən dünyada həyat sığortası”, “İqlim dəyişikliyi və bioloji müxtəliflik”, “Yırtıcı növlər”, “Meşələrin bioloji müxtəlifliyi”, “Su və bioloji müxtəliflik” və s.
Cari ilin mövzusu “Adaların biomüxtəlifliyi” adlanır. Adalar və onları əhatə edən dənizlərin sahilboyu akvatoriyaları nadir ekosistemləri təşkil edir. Bu ekosistemlərin tərkibinə bəzən planetin heç bir başqa yerində rast gəlinməyən endemik bitki və heyvan növləri daxil olur.