ELM VƏ TƏHSİL
“Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir” – anım tədbiri



Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini, nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini qeyd deyib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva Qarabağda Azərbaycanın Zəfərindən danışıb. “Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Ədalət Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində qalib gəlib. Bu siyasət Qarabağı Azərbaycan edən siyasətdir. Bu siyasət cənnətməkan Qarabağı, sözün əsl mənasında, Vətən edən siyasətdir”, - deyə o əlavə edib.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov və digər əməkdaşlar da çıxış edərək Zəfər naminə həyatlarını qurban vermiş şəhidlərin həmişə yad olunacağını bildiriblər.
Tədbirin sonunda Zəfər TV–nin şəhidlər haqqında lentə aldığı filmlərdən fraqmentlər təqdim olunub.