Bu il Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini 403 tələbə bitirib
Qəbələ, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdim edilməsi münasibətilə mərasim keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, bu təhsil ocağının uğurlarından söz açıb, müxtəlif qurumlarla əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə 2022-2023-cü tədris ilində Mərkəzdə tədrisin gedişatı, görülmüş işlər və tədris ilinin yekunlarına dair məlumat verilib. Diqqətə çatdırılıb ki, bu il 21 ixtisas üzrə 403 tələbə məzun olub.
Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup işçisinə fəxri fərman, Mərkəzlə əməkdaşlıq edən qurumların rəhbərlərinə isə təşəkkürnamələr təqdim edilib.