Bu ilin əvvəlindən Şəkidə 9 subartezian quyusu qazılıb
Şəki, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur. Sərəncamın icrası olaraq, rayonun Birinci Biləcik, Baş Göynük, Aydınbulaq, İbrahimkənd, Daşbulaq, Daşüz, Qoxmuq və Vərəzət kəndlərində, ümumilikdə, 9 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb və hazırda elektrik avadanlığının quraşdırılması üçün hazırlıq görülür. Bu günlərdə rayonun Oxud kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb. Sərəncama əsasən, həmin kənddə 2 subartezian quyusu qazılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyular qazılacaq. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Yeni subartezianların istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.