İQTİSADİYYAT
BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİ LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ
“Azərenerji” Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 18-də Sumqayıtda yeni buxar-qaz qurğusunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının təqdimat mərasimi keçirilmişdir. Layihəni Almaniyanın “Simens” şirkəti Yaponiyanın “Niçimen korporeyşn” firması ilə birlikdə hazırlamışdır.
Mərasimdə iqtisadi inkişaf, yanacaq və energetika nazirliklərinin, Elmi Tədqiqat Energetika və Enerjilayihə İnstitutunun və digər qurumların nümayəndələri iştirak etmişlər.
“Simens”in MDB ölkələri və Baltikyanı ölkələr üzrə təmsilçisi Xolger Rumpf mərasimdə çıxış edərək bildirdi ki, şirkət energetika avadanlığı istehsalçıları arasında dünyada ikinci yer tutur, istilik elektrik stansiyalrrının inşaası, əsas avadanlıq və sistemlərin hazırlanması sahəsində ixtisaslaşır.
O, ekspertlərə maliyyə təklifləri barədə də məlumat verərək vurğuladı ki, şirkət mötəbər kredit təşkilatlarını layihənin həyata keçirilməsinə cəlb edə bilər.
Tikinti üçün sahə seçilməsi barədə qərar qəbul etmək məqsədi ilə “Simens”in ekspertləri “Azərenerji” SC-nin aparıcı mütəxəssisləri ilə birlikdə yaxın vaxtlarda Sumqayıtdakı 1 nömrəli istilik-elektrik mərkəzinin ərazisində hərtərəfli monitorinq keçirəcəklər.
Respublikanın baş enerji idarəsində hesab edirlər ki, Sumqayıtda buxar-qaz qurğusunun inşaasına gələn ilin yay-payız aylarında başlanıla bilər.