Cəbhə bölgəsində ön xətt bölmələrinin hazırlıq vəziyyəti yoxlanılıb
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra nazir müdafiənin ön xəttindəki bölmələrdə üzbəüz düşmən mövqelərini müşahidə edib, əməliyyat şəraiti ilə tanış olub, birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb. Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Hərbi qulluqçular işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi üçün daim hazır olduqlarını bildiriblər.