CƏMİYYƏT
Cəlilabad və Quba Meşə Mühafizəsi və Bərpası Müəssisələrində yanğın hadisəsi baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETNS) AZƏRTAC-a bildirdilər ki, naməlum səbəblərdən baş verən yanğın dərhal əraziyə cəlb olunmuş Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının birgə səyləri nəticəsində saat 20 radələrində söndürülüb.
Yanğın nəticəsində bir hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Eyni zamanda, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəlvələ meşəbəyliyinin 1-ci dolayında da yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün dərhal ETSN-nin yerli qurumlarının və FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 22 radələrində tam olaraq söndürülüb. Nəticədə 2,7 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.