Cəlilabadda taxıl zəmilərinin 80 faizini dəmyə əkinçiliyi təşkil edir VİDEO
İntensiv yağışlar Cəlilabadda dəmyə taxılçılığında 95 faizdən yuxarı çıxışın alınmasına şərait yaradıb
Cəlilabad, 18 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Taxıl zəmilərinin 80 faizini dəmyə əkinçiliyi təşkil edən Cəlilabadda bu il 64 min hektara yaxın sahədə arpa, buğda və vələmir əkilib. Mütəxəssislərin sözlərinə görə, erkən payızda sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir.
AZƏRTAC xəbər verir ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq Cəlilabadın aqrar sektorunun aparıcı sahəsini təşkil edir. Bu mövsüm payız fəslinin quraq keçməsi dəmyə taxıl əkinçiliyini nisbətən gecikdirsə də, fermerlər bu müddətdən maksimum yararlanıblar. Arpa, buğda əkini üçün 63 min hektardan artıq sahədə şum, mala işləri aparılıb, səpin optimal müddətdə başa çatdırılıb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Elxan Ağayev bildirib ki, son vaxtlar rayon ərazisində intensiv yağışların yağması çıxışın 95 faizdən yuxarı alınmasına şərait yaradıb: “Dayandığımız ərazidə çıxış göz qabağındadır, o cümlədən Cəlilabad rayonunun bütün taxıl əkini ərazilərində bu vəziyyət mövcuddur. Torpağın alt hissəsində cücərtiləri yoxlayarkən, monitorinq keçirərkən həmin yerə atılmış toxumların hamısının cücərmə fazasında olduğunu görürük”.
Aqronom Tahir Salayevin sözlərinə görə, dəmyə bölgələrdə payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən biri də yağmurun az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağışları başlayana qədər başa çatdırılmalıdır. Eləcə də, təsərrüfatlarda keyfiyyətli toxumdan istifadə edilməli və əkinlər xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmalıdır.
Qeyd edək ki, 2019-cu məhsul ilində fermerlər tarlalardan yüksək məhsuldarlığa nail olublar. Hektardan 37,2 sentner məhsul toplamaqla, rayon üzrə 203 min tondan çox buğda və arpa istehsal edilib. Bu isə rayon əhalisinin tələbatından da artıq məhsul tədarükü, eləcə də respublika göstəricisinin 10 faizdən çoxunu təşkil edir.