CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏLƏR REGİONUNSABİTLİYİNƏ TƏHLÜKƏDİR
Nümayəndə heyətinin başçısı, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Raynder Ştenblok Azərbaycana ilk dəfə səfər etdiyini və maraqlı görüşlər keçirdiyini bildirmiş, bu görüşlərin region ölkələri haqqında ətraflı məlumat əldə etmək baxımından vacib olduğunu diqqətə çatdırmışdır. Ölkəsinin gələn il Avropa Birliyinə (AB) sədrlik edəcəyini bildirən qonaq, Avropa qonşuluq siyasətində Cənubi Qafqaza mühüm diqqət yetirildiyini demişdir.
Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın öz gələcəyini Avropaya inteqrasiyada gördüklərini və hər iki dövlətdə bu istiqamətdə iş aparıldığını bildirmişdir. Cari il noyabrın 14-də Azərbaycan və Avropa Birliyi arasında Fəaliyyət Planının qəbul olunacağını qeyd edən nazir, bu yaxınlarda qurumun yüksək səviyyədə nümayəndə heyətinin ölkəmizə səfər etdiyini, AB ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün xüsusi memorandumun imzalanmasına dair razılıq əldə edildiyini demişdir.
Azərbaycanın NATO ilə əməkdaşlığının da inkişaf etdirdiyini bildirən Elmar Məmmədyarov, 10 il üçün nəzərdə tutulmuş “Fərdi tərəfdaşlığın fəaliyyət planı”na uyğun olaraq, ölkəmizdə bir sıra islahatların həyata keçirildiyini diqqətə çatdırmışdır. Bununla belə, nazir AB-nin region ölkələri ilə münasibətlərdə milli dəyərlər, ənənələr, dini amilləri nəzərə almağın vacibliyini vurğulamışdır.
Azərbaycanda enerji sektorunun inkişafına toxunan Elmar Məmmədyarov, qeyri-neft bölməsinin, xüsusilə kənd təsərrüfatının, turizmin, habelə infrastrukturun tərəqqi etdirilməsinin əhəmiyyətindən danışmışdır.
Nazir Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin istismara verilməsinin ardınca, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tamamlanmasından sonra Xəzər hövzəsi enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın tranzit ölkə olacağını qeyd etmişdir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsinin zəruriliyini önə çəkən nazir, ilk növbədə, bu sahəyə sərmayə qoyulmasının vacibliyini söyləmiş, Azərbaycan hökumətinin bu istiqamətdə də müvafiq iş apardığını bildirmişdir.
Almaniyalı deputat R.Ştenblok ölkəsinin region ilə əlaqələrin inkişafında maraqlı olduğunu nəzərə çatdırmış, Cənubi Qafqazdakı münaqişələrin sabitliyə zərbə vurduğunu xüsusi vurğulamışdır.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin davam etməsinə baxmayaraq, cəbhə xəttində hər il 300 nəfərə yaxın insan tələfatının olduğunu bildirmişdir. Münaqişənin mərhələli həlli barədə məlumat verən nazir, bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətinin artırılmasını zəruri saymışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.