Cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb
Ağdam, 25 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda Gürcüstanda baş vermiş təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsi anılıb. Rahib Məmmədovun adını daşıyan Döyüş şöhrəti muzeyində keçirilən “Qəhrəmanlar unudulmur" adlı tədbirdə şəhid ailələri, müharibə veteranları, mədəniyyət və təhsil işçiləri, məktəblilər, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Çıxış edənlər cəsur əsgər Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs ediblər. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.
O, ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.
Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi hazırda onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb.
Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Tədbirdə Rahib Məmmədova həsr edilmiş “Əbədiyyətə qovuşan ömür” adlı sənədli film nümayiş etdirilib.
Sonda iştirakçılar muzeylə yaxından tanış olublar.