Cəzaçəkmə müəssisəsində QİÇS ilə bağlı maarifləndirmə tədbiri təşkil edilib
Bakı, 1 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 12 və 13 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışılıb, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.