MƏDƏNİYYƏT
“Çərşənbə günündə musiqi çeşməsi” - seminar

Bakı, 5 mart, AZƏRTAC
AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin təşkilatçılığı ilə “Çərşənbə günündə musiqi çeşməsi” adlı musiqili seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri professor İradə Köçərli seminar haqqında qonaqlara məlumat verib.
Musiqili seminarda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xorunu dosent Kəmalə Atakişiyeva, elmi işçi Fəridə Mirişova və böyük laborant Zülfiyyə Musayeva ifa edib.
Sonra dosent K.Atakişiyeva V.A. Motsartın “Lya major” sonatasının üçüncü hissəsini - “A la turka”nı, K.Atakişiyeva və Z.Musayeva Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”nı, F.Mirişova Səid Rüstəmovun “Getmə” və Z. Musayeva Qara Qarayevin II prelüdünü ifa ediblər.
Daha sonra professor İradə Köçərli musiqinin ümumi məzmunu, musiqili-nəzəri xüsusiyyətləri haqqında fikirlərini bölüşüb.
Professor son zamanlar şöbənin apardığı araşdırmalardan, Azərbaycan bəstəkarlarının nota saldığı xalq melodiyalarının əlyazmalarından, onların hələ də Arxiv rəfləri arasında qalmasından və son illər həmin əlyazmaların rəqəmsallaşdırılaraq kitab-not şəklində nəşr olunmasından söz açıb. O, görkəmli bəstəkar Q.Qarayevin aşıq musiqisinə münasibətindən, öz əsərlərində istifadə etməsindən, indiyə qədər üzə çıxmayan aşıq havalarının not əlyazmalarından söhbət açaraq qeyd edib ki, saz alətinin köklənmə prinsipləri əsasında yaranan harmonik akkordlar müasir musiqi ilə səsləşdiyindən bəstəkarın qarşısında geniş imkanlar açır. İ.Köçərli bəstəkar Fikrət Əmirovun yaradıcılığı üzərində dayanıb və arxivdən əldə etdiyi əlyazmaları haqqında məlumat verib. O, bir neçə “Səs və fortepiano üçün işləmə”ləri fortepianoda ifa edərək onlar haqqında elmi-nəzəri fikirlər söyləyib.