DÜNYA
Çexiya altı ayda qaz istehlakını 13 faiz azaldıb
![Çexiya altı ayda qaz istehlakını 13 faiz azaldıb](/files/2023/2/1200x630/1688252321618826068_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında Çexiyada qaz istehlakı 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalaraq 3,749 milyard kubmetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin sənaye və ticarət naziri Yozef Sikela tviter sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Keçən illə müqayisədə çox qənaətcildir və bu il biz altı ayda qaz istehlakını 544 milyon kubmetr azaltmağa nail olduq. Bu da 13 faiz təşkil edir. Birinci yarımildə respublikada qaz istehlakı 3,749 milyard kubmetr təşkil edib”, - deyə o bildirib.
Çexiya 2023-cü ildə Rusiyadan qaz almayıb. Nazirin qeyd etdiyi kimi, ölkəsi Rusiyadan tədarük asılılığından xilas ola bilib. Çexiya Almaniyadan tranzitlə Norveçdən və Aİ ölkələrindəki LNG terminallarından gələn qazla tam təmin olunub.
Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, iyunun 30-na olan məlumata əsasən, Çexiyanın qaz anbarları 84 faiz doludur. Bu, 2022-ci ilin eyni gününə nisbətən təxminən 20 faiz çoxdur.