DÜNYA
Çexiyada miqrantlar haqqında yeni qanun qəbul ediləcək
Praqa, 13 mart, AZƏRTAC
Çexiya parlamentinin hazırkı səlahiyyət müddətinin sonuna kimi parlament üzvləri miqrasiya haqqında yeni qanun qəbul etmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə hakim koalisiya fraksiyasının rəhbərləri qanunverici orqanın iclası zamanı bildiriblər. Müxalifət partiyası ANO isə hökumətin əvvəllər bu təkliflə çıxış etməməsindən narazılığını ifadə edərək iclasa qatılmayıb.
Hakim koalisiya ölkədə immiqrasiya qaydalarını sərtləşdirməyə yönəlmiş böyük dəyişiklikləri açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, əsas məqamlar arasında ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyasının sürətləndirilməsi, sığınacaq axtaran şəxslərə qarşı sərt yoxlamalar, həmçinin beynəlxalq müdafiə üçün problemli müraciət edənlərə ödənilən müavinətlərin azaldılması daxildir.
Baş nazir Petr Fiala daha əvvəl elan etmişdi ki, yeni qanun layihəsinin məqsədi potensial miqrantların Çexiyaya girişini əngəlləməkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa