ÇİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ DƏSTƏKLƏMİŞDİR VƏ BUNDAN SONRA DA DƏSTƏKLƏYƏCƏKDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan rəhbərliyinin Çin Xalq Respublikası ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirmiş, ölkəmizin bölgədəki rolundan danışmış, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, həyata keçirilən irimiqyaslı regional iqtisadi layihələr barədə ətraflı məlumat vermiş və bununla əlaqədar ölkələrimiz arasında əlaqələr üçün qarşılıqlı maraq və imkanların mövcudluğunu qonaqların diqqətinə çatdırmışdır.
Nazir, həmçinin ölkəmizin rəhbərliyinin qeyri-neft sektorunun inkişafına mühüm əhəmiyyət verdiyini və bu sahədə dövlətlərimiz arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Daha sonra nazir, Çin Xalq Respublikasının dünya miqyasında rolunu vurğulayaraq, Çinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri Syu Szyalu ölkəsinin Cənubi Qafqazda mühüm rol oynayan Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu söyləmişdir. O, dövlətlərimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə ölkələrimizin parlamentlərarası əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinə tərəfdar olduğunu diqqətə çatdırmışdır. Syu Szyalu demişdir ki, Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bundan sonra da dəstəkləyəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.