Çin XİN: Honkonqun seçki sisteminin təkmilləşdirilməsi rəsmi Pekinin daxili işidir
Pekin, 9 mart, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisinin seçki sisteminin təkmilləşdirilməsi planı konstitusiyaya uyğundur və ölkənin daxili işidir, heç bir ölkə buna müdaxilə etməməlidir.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bəzi xarici siyasətçilərin Çinin seçki islahatının Honkonqun muxtariyyətinə birbaşa hücum olması ilə bağlı ittihamlarına cavab olaraq belə bəyanatla çıxış edib.
“Onların yanaşması əsassızdır. Bu, Çin daxili işlərinə və Honkonq məsələsinə açıq müdaxilə aktıdır”, - deyən Cao Licien əlavə edib ki, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağı konstitusiyaya uyğun olaraq Honkonqda uzunmüddətli sabitliyi təmin etmək üçün seçki sistemini təkmilləşdirmək hüququna və məsuliyyətinə malikdir. Bu, tamamilə konstitusion, qanuni və məntiqlidir. Məqsəd xüsusi inzibati ərazidəki mövcud seçki sisteminin çatışmazlıqlarının aradan qaldırılmasıdır. Hesab edirik ki, bu, Honkonq xalqı üçün demokratiya və azadlığı daha yaxşı təmin edəcək.
XİN rəsmisi Honkonqun Çinin xüsusi inzibati ərazisi olduğunu vurğulayaraq, oradakı seçki sisteminin Çinin yerli seçki sistemi olduğunu bildirib. “Onu necə tərtib və inkişaf etdirmək, təkmilləşdirmək də Çinin tam daxili işidir. Heç bir ölkə bu mövzuda məsuliyyətsiz bəyanatlar verməməlidir”,- deyə Cao Licien bildirib.
Qeyd edək ki, Honkonq xüsusi inzibati ərazisində seçki sisteminin təkmilləşdirilməsinə dair qanun layihəsi Çin Xalq Nümayəndələri Yığıncağının martın 5-də işə başlayan illik sessiyasında müzakirəyə çıxarılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin