Coğrafiya İnstitutunda növbəti seminar demoqrafik inkişafın regional problemlərinə həsr edilib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi Rövşən Kərimovun “Azərbaycanda demoqrafik inkişafın regional problemləri” mövzusunda məruzəsi dinlənilib.
Tədqiqatçı regional demoqrafik inkişafın davamlılığını müəyyənləşdirən amilləri təhlil edib, əhalinin artım tempinə görə regionların müqayisəsini aparıb, onların davamlı demoqrafik inkişaf potensialını qiymətləndirib. Məruzədə Azərbaycan ərazisində məskunlaşma baxımından əlverişli olmayan ərazilər qeyd edilib, rayonların demoqrafik inkişafında münbit torpaqların mövcudluğunun, eləcə də paytaxta və iri regional mərkəzlərə yaxınlıq amilinin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Məruzəçi regionların demoqrafik inkişafının sosial-iqtisadi baza amillərini 4 qrupa ayıraraq onları şərh edib. Hazırlanmış cədvəllər əsasında sənaye potensialına görə ölkədə yüksək ərazi disproporsiyasının qaldığını vurğulayıb. Bildirib ki, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilib.
O, son illərdə əhalisi azalan kəndlərin nisbətən çox olduğu regionlar kimi Quba-Xaçmaz, Lənkəran-Astara, həmçinin Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi-coğrafi rayonlarını qeyd edib. Tədqiqatının nəticəsi olaraq inzibati rayonların əhalisinin sayını, artım tempini, demoqrafik potensialını əks etdirən bir neçə xəritə hazırlayıb və onlar əsasında təhlil aparıb.
R.Kərimov sonda tədqiq etdiyi problemlər üzrə təkliflərini verib. O, alimlər tərəfindən dağlıq və sərhəd rayonlarının, oradakı yaşayış məntəqələrinin inkişafına dair xüsusi altproqramın işlənib hazırlanmasını və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına daxil edilməsini məqsədəuyğun hesab edib.