CORC BUŞ: ƏBU-QREYB DUSTAQXANASI SÖKÜLƏCƏK
Pensilvaniya ştatındakı hərbi kollecdə çıxış edən Corc Buş ABŞ silahlı qüvvələrinin İraqdan nə vaxt geri çağırılacağına dair heç bir şey söyləməmişdir. Lakin o demişdir ki, amerikalı hərbçilər İraqda “ehtiyac olduğu qədər qalacaqlar”. Ali Baş Komandan bəyan etmişdir ki, İraqdakı ABŞ qüvvələri hazırkı 135 min nəfər səviyyəsində saxlanılacaqdır. Lakin yerlərdəki ABŞ komandanları əlavə qüvvə istəsələr, Prezident Buş İraqa əlavə qoşun göndərməyə hazırdır.
Corc Buş nitqində İraq məhbuslarının ABŞ əsgərləri tərəfindən təhqir edilməsini də xatırlatmışdır. O, bəyan etmişdir ki, Əbu-Qreyb dustaqxanası Səddam Hüseyn rejimi dövrünün ölüm və əzab simvolu olmaqla yanaşı, bir sıra Amerika hərbçisinin biabırçı davranışının rəmzinə də çevrilmişdir. ABŞ Prezidentinin sözlərinə görə, İraqda aparılan infrastruktur dəyişikliyi çərçivəsində yeni müasir dustaqxana tikiləcək, Əbu-Qreyb isə birdəfəlik söküləcəkdir.
“Planlaşdırdığımız beş vəzifəni yerinə yetirmək asan olmayacaqdır” deyən Corc Buş İraqda suverenliyin keçid hakimiyyətinə ötürülməsindən əvvəl və sonra ölkədə zorakılığın baş verəcəyini istisna etməmişdir. Bununla yanaşı, Buş bildirmişdir ki, İraqın müqəddəratını terrorçular deyil, qanuni hakimiyyət həll edəcəkdir.