COVID-19: Braziliyanın paytaxtında komendant saatı tətbiq olunub
Bakı, 9 mart, AZƏRTAC
Braziliyanın paytaxtı Brazilia şəhərində koronavirus infeksiyasının sürətlə yayılması səbəbindən komendant saatı tətbiq olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qərarı Braziliyanın paytaxt federal dairəsinin qubernatoru İbaneys Roşa imzalayıb.
“Vəziyyət kirtikdir. Mən komendant saatı elan edirəm. Federal dairənin ərazisində olan hər kəs axşam saat 22:00-dan səhər saat 5:00-dək evdə qalmalıdır”, - qubernator özünün “Twitter” səhifəsində belə yazıb.
Region rəhbərinin sözlərinə görə, məhdudiyyətlər xəstəliyin yayılmasının qarşısının alınması üçün yeganə vasitədir. Yalnız tibbi müəssisələrə, baytarlıq klinikalarına və dəfn bürolarına saat 22:00-dan sonra fəaliyyət göstərmək icazəsi verilir.
Martın əvvəlində Braziliya Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Osvaldo Kruz adına elmi-tədqiqat birliyi bütün ölkə ərazisində COVID-19 infeksiyasının yayılması ilə bağlı epidemioloji vəziyyətin kəskin pisləşdiyini qeydə alıb. Bununla bağlı olaraq ekspertlər hökuməti lokal karantin tədbirlərinin sərtləşdirilməsinə çağırıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusun yayılmasını pandemiya elan etməsindən bir il ötür. Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına əsasən, indiyədək Braziliyada 11 milyon 244 mindən çox yoluxma və 266 mindən çox ölüm faktı qeydə alınıb. Braziliya yoluxanların sayına görə ABŞ və Hindistandan sonra üçüncü, ölüm hallarının sayına görə isə ABŞ-dan sonra ikinci yeri tutur.