COVID-19 infeksiyası ilə mübarizə mövzusunda onlayn təlimlər keçirilir
Bakı, 1 iyul, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün koronavirusla (COVID-19) əlaqədar davamlı olaraq xüsusi təlim-treninqlər keçirilir.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları barədə məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdan ibarətdir.
İnfeksiyanın yayılması sahəsindəki mövcud vəziyyəti nəzərə alaraq daha çox dinləyicini əhatə etmək məqsədilə institutda onlayn kurslar keçirilir. İlkin mərhələdə paytaxtın 79 poliklinikasından 2100 həkim və orta tibb işçisi kurslara cəlb olunub. Artıq bir neçə gündür davam edən qısamüddətli onlayn kurslarda dinləyicilərə koronavirusa yoluxmuş xəstələrlə təmas zamanı mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılır, qarşıya çıxan problemlərin həlli yolları göstərilir.
Eyni zamanda, kiçik tibb işçiləri üçün əks-epidemik tədbirlər, biomühafizə və karantin qaydalarına həsr olunmuş təlim-treninqlər təşkil olunub. Artıq 800 nəfər həmin təlimlərdə iştirak edib. Onlayn kurs və təlimlər institutun yoluxucu xəstəliklər, mikrobiologiya və epidemiologiya, terapiya və pediatriya kafedralarının əməkdaşları tərəfindən istirahət günləri də daxil olmaqla aparılır.