DAĞISTAN AZƏRBAYCANDA RUSİYA İLİ ÇƏRÇİVƏSİNDƏ BAKIDA TƏDBİRLƏR KEÇİRƏCƏK
AZƏRTAC “Dağıstan” agentliyinə istinadla xəbər verir ki, Dağıstan Respublikası Milli Siyasət, İnformasiya və Xarici Əlaqələr Nazirliyinin şöbə rəisi Rizvan Rizvanov demişdir ki, son 15 ildə yeni dövlət sərhədlərinə və digər əsaslı dəyişikliklərə baxmayaraq, Dağıstanı və Azərbaycanı bir-birindən ayırmaq çətindir. Çünki onların qarşılıqlı münasibətlərində siyasi və iqtisadi mənafelər, bütöv xalqların, taleləri sıx çulğaşmışdır.
Rizvanov qeyd etmişdir ki, sərhədyanı ticarət və nəqliyyat təminatı sahəsində əməkdaşlıq haqqında Saziş imzalamaq üçün Dağıstanın rəsmi nümayəndə heyətinin bu il Azərbaycana səfəri nəzərdə tutulur.
Azərbaycanda Rusiya İli tədbirləri geniş informasiya mübadiləsi ilə müşayiət olunur. Məsələn, “Daqestanskaya pravda” qəzeti “Bakinski raboçi” qəzeti ilə müştərək nömrələr buraxmağı planlaşdırır, “Dağıstan” televiziyası isə Azərbaycan televiziyası ilə informasiya, mədəniyyət, təhsil və idman proqramları mübadiləsi haqqında saziş imzalamaq niyyətindədir.
Dağıstan Rusiya İli çərçivəsində Bakıda yerli müəssisələrin sənaye və kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti və bədii yaradıcılıq nümunələri sərgisini təşkil edəcəkdir. “Dağıstanın dekorativ-tətbiqi sənəti” və “Dağıstanın müasir təsviri sənəti” mövzularında ekspozisiyaların təşkili nəzərdə tutulmuşdur.
Mədəni proqrama Dağıstanın musiqili dram teatrlarının, “Ləzginka” ansamblının qastrolları da daxildir.