DAĞLIQ QARABAĞ ÜZRƏ ALT KOMİTƏNİN İCLASI KEÇİRİLMİŞDİR
-Azərbaycan tərəfi iclasda ölkəmizi narahat edən ən mühüm problemlərlə bağlı məsələlər - işğal olunmuş ərazilərdə yanğınlar, itkin düşmüş şəxslərlə əlaqədar məsələləri qaldırdı. Ermənistan tərəfi də müəyyən problemlər barədə öz fikrini bildirdi. Bizim üçün ən əsas problem, iki il bundan əvvəl qəbul olunmuş qətnamənin icrasıdır. Qətnamədə konkret şəkildə kimin işğalçı olduğu, hansı hadisələrin baş verdiyi, etnik təmizləmənin hansı şəkildə və kim tərəfindən aparıldığı göstərilmişdir. Ona görə də bu qətnamənin icrası bizim üçün vacibdir.
Avropa Şurasının formatında biz Dağlıq Qarabağ münaqişəsini həll etmirik. Bunu Minsk qrupunun həmsədrləri həyata keçirirlər və təklifləri də onlar verirlər. Ancaq biz burada lazım olan və Azərbaycanın maraqlarına uyğun rəy yaradırıq.
Komitədə qərara gəldik ki, yanvar sessiyasında əvvəlcə Azərbaycan və Ermənistan nümayəndə heyətləri komitənin sədri lord Rassel Constonla birlikdə iclas keçirsin və qəbul edilmiş qətnamənin icrası barədə fikir mübadiləsi aparsın. Hesab edirəm ki, bu, bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan lazım olan sənədləri orada təqdim edə bilər.
Təbii ki, Avropa Şurası bütün bu məsələlərin gedişatına rəhbərlik edəcəkdir. Biz Dağlıq Qarabağ məsələsini komitənin gündəliyindən çıxarmayacağıq. Bütün sessiyalarda Avropa Şurasının diqqətini Dağlıq Qarabağ probleminə yönəldəcəyik. Deputatların bu məsələni diqqətdə saxlaması üçün ən mühüm məsələ komitədə daim bu dinləmələri təşkil etmək və Azərbaycanın mövqeyini çatdırmaqdır.
Komitənin sədri lord Rassel Constonun səfərinə gəldikdə, bildirməliyəm ki, komitə bu səfərin təşkilinə tam hazır deyildir. Yəni Azərbaycana, Ermənistana səfər etmək, Dağlıq Qarabağa getmək qış mövsümü ilə əlaqədar təxirə salınmışdır. Qərara gəldik ki, qış sessiyasındakı görüşdən sonra ola bilsin ki, regiona səfər həyata keçirilsin.