Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq
Bakı, 19 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na əsasən həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 400 peşə və kvalifikasiya standartının hazırlanması təmin olunacaq. Həmin peşələr iqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrdəndir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tədbirlər Planında, həmçinin 2020-2025-ci illərdə 500 peşə və kvalifikasiya standartının yenilənməsi işlərinin aparılması da nəzərdə tutulub. Həmin standartlar iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış, aidiyyəti qurumların, aparıcı müəssisələrin, assosiasiyaların nümayəndələrindən ibarət sahə komissiyalarında müzakirə edilərək qəbul olunacaq.
Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşması, işçi qüvvəsinin rəqabətliliyinin artırılması və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması məqsədinə xidmət edir.
2010-2015-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial müdafiənin inkişafı” layihəsi çərçivəsində 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.