Daha 70 vəkil paytaxtda, 7-si isə bölgələrdə fəaliyyətə başlayır VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir Dövlət Himni və Vəkil marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salıb, habelə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərdən danışıb.
Həmçinin kollegiyanın sədri çıxışında Ulu Öndər Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına toxunan Anar Bağırov bildirib ki, dövlətimizin başçısının vəkilliyin inkişafına göstərdiyi ardıcıl diqqət və dəstək bu sahədə fundamental dəyişikliklərə yol açıb.
Sədr qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhkəmə-hüquq sahəsində Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir.
Çıxışı zamanı Anar Bağırov ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan da bəhs edib.
O Prezidentin müvafiq Sərəncamı ilə yeni təyin edilən hakimlər arasında 9 nəfərin kollegiya üzvü olduğunu çox yüksək göstərici kimi qiymətləndirərək, bu rəqəmin vəkilliyin ölkənin məhkəmə sistemində də etibarlı kadr bankına çevrildiyini ifadə edib. ARVK-nın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirən sədr hakim təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə inandığını bildirib, onların hər zaman qanunun aliliyinə, etik davranış qaydalarına sadiq qalacağına əmin olduğunu söyləyib, bu şərəfli missiyada uğurlar arzulayıb.
Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib. Bu müddət ərzində 6 min 480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb və and içərək kollegiyanın üzvü olub: “Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2770-ə çatıb. Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır. Onlardan 7-si regionlarda, 70-i isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfər olub”.
Sonra mərasimdə kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.
Ardınca hakim vəzifəsinə təyin edilən şəxslər kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Fəxri fərmanlarla təltif olunublar.
Tədbirdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş, icbari təlim mərhələsini uğurla tamamlamış və şifahi müsahibədən müsbət nəticə ilə keçən namizədlərin andiçmə mərasimi təşkil olunub. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə və məsuliyyətlə daşıyacaqlarına dair öhdəlik götürüblər.
Mərasim zamanı onlara vəkil vəsiqələri təqdim edilib.
Tədbirdə çıxış edən yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi keçirdiklərini bildirib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl və sistemli şəkildə təşkilinə görə ARVK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.
Həmçinin mərasimin ikinci hissəsində fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən kollegiyanın bir qrup üzvü də təltif olunub.
Eyni zamanda, mərasim çərçivəsində kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.