DAİMİ KOMİSSİYALARIN BİRGƏ İCLASINDA
İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova gündəlikdəki birinci məsələ - “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun layihəsi barədə məlumat vermişdir. O demişdir ki, layihənin parlamentin yaz sessiyasında ikinci oxunuşda müzakirəsi zamanı səslənmiş irad və təkliflərin bir çoxu işçi qrupu tərəfindən nəzərə alınmışdır. Qanunun məzmununda, ayrı-ayrı maddələrində mühüm dəyişikliklər edilmiş, bəzi müddəalar çıxarılmış, bir maddəyə əlavə bənd salınmışdır. Qanun layihəsi əsaslı surətdə təkmilləşdirilmiş və üçüncü oxunuşun tələblərinə cavab verir.
Sonra hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”, “İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə” və “Dövlət sirri haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə” qanun layihələrini müzakirəyə təqdim etmişdir. O bildirmişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi qanunlar paketində “Hərbi qulluqçuların statusu haqqında”, “Müdafiə haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara və Ailə Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər qanunların daha da təkmilləşməsinə xidmət edir.
Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini Kamran Şəfiyev layihələr bərasində müfəssəl məlumat verdikdən sonra deputatlar və dəvət olunmuş şəxslər müzakirə olunan məsələlər ətrafında çıxış etmiş, təkliflərini bildirmişlər.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.