DAŞKƏNDDƏ NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞI İLƏ BAĞLI ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Konfransı universitetin rektoru, professor Baxrom Kadırov açaraq, Şeyx Nizamini Şərqin böyük şairi adlandırmışdır.
Özbəkistanın təhsil naziri, akademik Saidanbor Qulamov, Azərbaycan EA-nın müxbir üzvü, professor Vaqif Arzumanlı, bu təhsil ocağının professoru, N.Gəncəvinin tədqiqatçısı Həmidcan Həmidi, Azərbaycan EA-nın müxbir üzvü, şərqşünas alim Vasim Məmmədəliyev, Azərbaycan Asiya Universitetinin rektoru Cəlil Nağıyev, professor Elməddin Əlibəyzadə və başqaları “Nizami irsi və özbək xalqının eposu”, “N.Gəncəvinin yaradıcılığı tərbiyə amili kimi”, “Nizaminin “Xəmsə”si Oqahinin tərcüməsində” və başqa mövzularda məruzələr etmişlər.
Vasim Məmmədəliyev öz çıxışında demişdir: Şeyx Nizami türk təfəkkürü ilə düşünən, türk təfəkkür tərzində silahlanmış, lakin fars dilində yazan böyük Azərbaycan şairidir.
Akademik Əziz Kayumov isə bildirmişdir ki, biz Nizamidən həmişə öyrənmişik və öyrənirik. Nizami siması bütün Şərq dünyasına işıq saçır.