DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələnin aktuallığını, DİN rəhbərliyinin ona daim xüsusi diqqət yetirdiyini xatırladaraq, təqsirləndirilən və itkin düşən şəxslərin axtarışının, tanınmamış meyitlərin müəyyən edilməsi məsələsinin ilin əvvəlində kollegiya iclasına çıxarıldığını, problemin vacibliyi nəzərə alınmaqla, indi ona ayrıca baxılmasının zəruriliyini qeyd etmiş, əlavə tədbirlərin görülməsinə baxmayaraq, ümumiyyətlə, uçot-qeydiyyat intizamına riayət edilməsi sahəsində bəzi nöqsanların hələ də mövcud olduğunu diqqətə çatdırmışdır.
Nazir bildirmişdir ki, cari ilin on bir ayının yekunlarına görə, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əvvəlki illərdə qazanılmış müsbət meyillər inkişaf etdirilmiş, nəticələr uğurlu olmuş, sabitliyin dönməzliyi qorunub-saxlanmışdır. Ölkəmizin həyatında mühüm hadisə olan Milli Məclisə keçirilən seçkilərdən öncə və sonra daxili işlər orqanlarının şəxsi heyəti respublikamızın hər yerində seçki kampaniyası çərçivəsində çoxsaylı görüşlərdə, yürüş-mitinqlərdə asayişin qorunmasını yüksək səviyyədə təmin etmişdir. Qeyd olunmuşdur ki, seçki kampaniyası zamanı respublikamızın paytaxtında və bölgələrdə deputatlığa namizədlərin seçicilərlə 27 mindən artıq görüşü, 60-dan çox yürüş-mitinq keçirilmiş, bu zaman ictimai asayiş, əmin-amanlıq yüksək səviyyədə təmin edilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş, şəxsi heyət asayişin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısını peşəkarlıqla, qətiyyətlə almışdır. Bir çox xarici ölkələrdən gələn müşahidəçilər, eyni zamanda, ölkə ictimaiyyətinin nümayəndələri şəxsi heyətin bu sahədəki uğurlu fəaliyyətini yüksək qiymətləndirmişlər.
General-polkovnik Ramil Usubov parlament seçkiləri zamanı xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirdiklərinə görə bütün şəxsi heyətə öz təşəkkürünü bildirmişdir.
Cinayət Axtarışi Baş İdarəsinin rəisi polis polkovniki Emin Şəkinski təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin vəziyyətinə dair məruzə etmişdir. O bildirmişdir ki, DİN-in rəhbərliyi, əməliyyat aparatları və ərazi polis orqanları tərəfindən göstərilən sahəyə diqqət artırılmış və bu istiqamətdə nəzərəçarpacaq irəliləyişə nail olunmuşdur. Baş idarə axtarış işinin səmərəliliyinin artırılması məqsədi ilə bir sıra təşkilati və profilaktik tədbirlər görmüş, nəticədə təqsirləndirilən şəxslərin 67 faizi müəyyən edilərək tutulmuşdur.
Şəhər, rayon, xətt polis orqanlarında uçot-qeydiyyat intizamına riayət edilməsinin vəziyyətinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polkovnik Elşən Kazımov məruzə etmişdir.
Bildirmişdir ki, bu sahədəki fəaliyyət nazirlik rəhbərliyinin daim nəzarətində olmaqla, son illər ərzində bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən Baş İdarədə kompüterləşdirmənin aparılması uçot bazarlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına zəmin yaratmışdır.
Müzakirələrdə Xətai Rayon Polis İdarəsinin rəisi polkovnik Məmməd Mikayılov, Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik Həsən Əliyev, Binəqədi Rayon Polis İdarəsinin rəisi polkovnik Nazim Nağıyev, Əli Bayramlı Şəhər Polis Şöbəsinin rəisi polkovnik Zakir Abdullayev, Şəki Şəhər Polis Şöbəsinin rəisi polkovnik Fətulla Hacıyev və başqaları çıxış edərək, görülmüş işlərdən danışmış, xidməti fəaliyyətdə buraxılmış nöqsanları ilin sonunadək aradan qaldıracaqlarına söz vermişlər.
Kollegiya iclasına yekun vuran general-polkovnik Ramil Usubov parlament seçkiləri ilə əlamətdar olan 2005-ci ilin Azərbaycan üçün çox məsuliyyətli bir il olduğunu bir daha xatırlatmışdır. O demişdir ki, oktyabrın ikinci yarısında, eləcə də bu ay radikal müxalifət və onu dəstəkləyən bəzi şəxslər ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə cəhd göstərmiş, lakin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan ölkəmizin Prezidenti İlham Əliyevin yüksək rəhbərlik bacarığı, sarsılmaz siyasi iradəsi və qətiyyəti sayəsində bu sınaqdan da şərəflə çıxmışdır. Xalqın tam əksəriyyəti Prezidentimizin apardığı siyasəti ürəkdən bəyənir və ona alternativ görmür.
Qeyd olunmuşdur ki, dövlət başçımız ölkəmizdə bütün sahələrdə inkişafın yalnız daxili sabitlik, əmin-amanlıq şəraitində mümkünlüyünü dəfələrlə vurğulamışdır. Bu fikrin dərin kökləri var və həqiqətən də sabitliyin, əmin-amanlığın mövcud olmadığı cəmiyyətdə inkişafdan söhbət gedə bilməz.
Sadə vətəndaşlar, Azərbaycanın gələcəyini düşünən insanlar ölkəmizin hüquq mühafizə orqanlarından daha qətiyyətli tədbirlər görülməsini tələb edir, respublikada dayanıqlı sabitlik, əmin-amanlıq görmək istəyirlər.
Nazir xüsusilə vurğulamışdır ki, müxtəlif yollarla insanları ictimai asayişin pozulmasına təhrik etmək istəyən qüvvələr Azərbaycanda belə hərəkətlərə heç vaxt imkan verilməyəcəyini birdəfəlik anlamalıdırlar. Radikal müxalifətin son yürüş-mitinqinə toxunan general-polkovnik Ramil Usubov aksiya təşkilatçılarının Bakı şəhərində yenidən kütləvi iğtişaşlar törətmək planları barədə hüquq mühafizə orqanlarında öncədən əməliyyat məlumatları olduğunu diqqətə çatdırmışdır. Hüquq mühafizə orqanlarının rəhbərləri son aksiyadan əvvəl KİV vasitəsilə radikal müxalifətin əsil niyyətləri barədə ölkə ictimaiyyətinə geniş açıqlama vermişlər. Sabitliyin, asayişin qorunması istiqamətində polisin atdığı bütün qanuni addımlar xalq tərəfindən müdafiə olunmuşdur. DİN rəhbəri qanunsuz aksiyaların təşkilatçılarına Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyi barədə bir daha xəbərdarlıq etmişdir.
General-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, şəxsi heyət 2005-ci ili də yüksək göstəricilərlə başa vuracaq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu məsul vəzifələrin, yüksək tələblərin öhdəsindən bundan sonra da layiqincə gələcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcəkdir.