Daxili Qoşunlar ilə Türkiyənin Jandarm Baş Komandanlığı arasında əlaqələr sürətlə inkişaf edir
Bakı, 28 yanvar, AZƏRTAC
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların (DQ) komandanı, general-leytenant Şahin Məmmədov yanvarın 28-də Türkiyənin Azərbaycandakı hərbi attaşesi və Hərbi İşbirliyi üzrə Koordinasiya Qərargahının rəisi, general-mayor İhsan Başbozkurt ilə görüşüb.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-leytenant Ş.Məmmədov Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələrdən söz açıb, münasibətlərimizin hərbi sahədə də yüksək səviyyədə davam etdirildiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış Protokoldan danışan general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin gündən-günə dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
General-mayor İ.Başbozkurt iki qurum arasında mövcud işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daim lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hərbi attaşe Türkiyə Respublikası Jandarm Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova və Daxili Qoşunların komandanlığına dərin minnətdarlığını bildirib.
Görüşün sonunda türkiyəli qonağa Daxili Qoşunlarının emblemini əks etdirən hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.