DƏLİ KÜR RAM EDİLİR
TƏBİİ FƏLAKƏT ZONASINDAN KÖÇÜRÜLMÜŞ KƏNDLƏRİN ƏHALİSİ EVLƏRİNƏ QAYTARILIR
Sabirabad, 14 may (AZƏRTAC). Kür çayında suyun həcminin artması ilə əlaqədar baş vermiş daşqın nəticəsində Sabirabad rayonunun 12 kəndindən Şirvan şəhərinə köçürülmüş əhalinin mayın 14-dən öz evlərinə qaytarılmasına başlanmışdır.
Çayın dağılmış bəndlərini Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xilasediciləri və yerli könüllülər gecə-gündüz fasiləsiz işləyərək bərpa etmişlər. Beləliklə, təbii fəlakətin doğurduğu təhlükə aradan qaldırılmışdır. Daşqınla mübarizə işinin gedişini Azərbaycan Prezidenti İlham Əliyev daim diqqət mərkəzində saxlamışdır.
Bəndbərkitmə işlərində 15 min kubmetr ağır qaya parçalarından, dəmir-beton məmulatından və gilli torpaqdan istifadə edilmişdir. Təbii fəlakət bölgəsinə təqribən 5 min yükünü özüboşaldan avtomaşın və ağır texnika cəlb edilmişdir.
Çadır düşərgələrində müvəqqəti məskunlaşdırılmış əhalinin rahatlığı üçün zəruri infrastruktur yaradılmış, onlara pulsuz yataq ləvazimatı, isti geyimlər, gündə üç dəfə yemək, ehtiyacı olanlara dava-dərman verilmişdir.
Ən vacibi odur ki, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatına yol verilməmişdir. Sakinləri köçürülmüş kəndlərdə əhalinin əmlakı, mal-qarası etibarlı surətdə qorunmuşdur. Bütün bunlara və qısa müddətdə doğma evlərinə qaytarılmalarının təmin edilməsinə görə əhali Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildirir, görülmüş işləri yüksək qiymətləndirirlər.
Baş nazirin müavini, fövqəladə hallar komissiyasının sədri Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov mayın 14-də Şirvan şəhərindəki çadır düşərgəsindən köçürülən əhali ilə görüşmüş, onların öz kəndlərinə qayıtmaları üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırmışlar.