Dendrologiya İnstitutu illik fəaliyyəti ilə bağlı hesabat təqdim edib
Bakı, 17 dekabr, AZƏRTAC
2020-ci ildə AMEA-nın Dendrologiya İnstitutu tərəfindən Abşeronun təbii və mədəni florası təhlil edilib, 201 fəsilə, 846 cins, 2879 növ və 6 variasiya aşkar olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu faktlar müəssisənin Elmi şurasının dekabrın 17-də keçirilmiş onlayn iclasında səsləndirilib.
İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müəssisənin 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edib. Məlumat verib ki, ərazilərdə yabanı ot bitkilərinin növ tərkibinə görə Asteraceae Dumort, Poaceae (R.Br.) Poaceae BARNHART, Rosaceae Juss, Brassicaceae Burnett, Saxifragaceae Juss, Lamiaceae Lindl, Apiaceae Lindl üstünlük təşkil edir. İl ərzində nadir və nəsli kəsilməkdə olan 24 fəsilə, 35 cinsə aid 46 növ oduncaqlı bitki taksonların 43 faizini təşkil edən 29 növün nadir, 16 növün relikt və 2 növün endem olduğu aşkar edilib. Naxçıvan Muxtar Respublikasının dağ-kserofit bitkiliyinin təsnifatı, fitosenoloji xüsusiyyətləri, fitosenozları yaradan dominant bitkilərin növ tərkibində daha çox müşahidə olunan bitkilərin taksasiyası təhlil olunub. Ərazinin əsasən friqana və qariqa ekosistemləri ilə təmsil olunduğu məlum olub. Burada 260 növ - 28 növ kol (10,77 faiz), 212 növ çoxillik (81,54 faiz), 20 (7,69 faiz) bir və iki illik növün təşkil etdiyi müəyyənləşdirilib. Azərbaycanın mülayim rütubətli dağ-meşə landşaftlarında fıstıq-vələs-qarağac meşələrinin flora müxtəlifliyi üzrə çiçəkli bitkilər (Magnoliophyta) şöbəsinə aid 18 fəsilə və 25 növ, qatırquyruğukimilər (Equisetophyta) şöbəsinə aid 1 fəsilə, 1 növ, qıjıkimilər (Polypodiophyta) şöbəsinə aid 1 fəsilə, 5 növ, ümumilikdə isə 3 şöbəyə aid 20 fəsilə və 31 növ təyin edilib, 3 növ (Viscum album, Adi əqrəbböcək (Panorpa communis), mənənə (Hemiptera; Apidoidea)) ziyanverici kütləvi halda yayılıb. Ərazinin GPS koordinatları götürülüb.
İnstitutun direktoru 2020-ci il üzrə 1 problem, 8 mövzu, 12 iş, 31 mərhələ üzrə aparılan elmi-tədqiqat işləri və alınan nəticələri təqdim edib. Qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib. Həmçinin institutun beynəlxalq əlaqələri xeyli artıb, institut əməkdaşları bir neçə beynəlxalq konfransda iştirak ediblər. O, hesabat ilində yüksək impakt faktorlu jurnallarda əməkdaşların dərc olunan məqalələrinin sayının artdığını da diqqətə çatdırıb.
Tofiq Məmmədov institutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, onların elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqlarını qeyd edib.
Hesabat ətrafında çıxış edənlər institutun fəaliyyətini və əldə olunan nəticələrini qənaətbəxş hesab ediblər.