Dendrologiya İnstitutunun əməkdaşları Hirkan Milli Parkının bitki örtüyünü tədqiq ediblər
Bakı, 14 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın rəhbərliyi ilə müəssisənin bir qrup əməkdaşı Hirkan Milli Parkında elmi ezamiyyədə olublar.
İnstitutundan AZƏRTAC-a bildirilib ki, alimlər Hirkan Milli Parkının əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparıblar. İnstitutun əməkdaşları Hirkan dendroflorasının taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, AMEA Lənkəran Regional Elm Mərkəzinin ərazisinə yeni introduksiya edilmiş sitrus bitkilərində biomorfoloji və fizioloji göstəricilərin təhlili, Lənkəran-Astara bölgəsinə aid bəzi sitrus bitkilərinin ekoloji xüsusiyyətləri, efir yağlılığı və fitokimyəvi tədqiqi üzrə elmi-tədqiqat işləri aparmaq məqsədilə ekspedisiyada da olublar. Ekspedisiya zamanı Hirkan Milli Parkının bitki örtüyü təhlil edilib, bitkilərin yayılma arealları, formasiya və assosiasiyaları müəyyən edilib, antropogen və əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri araşdırılıb. Mütəxəssislər təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyətini, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərə iqlim dəyişkənliyinin təsirini təhlil ediblər.
İqlim dəyişkənliyi nəticəsində müxtəlif ekoloji amillərin təsiri nəticəsində subtropik bitkilərdə fotosintez prosesinin dinamikası, yarpaqlarda xlorofilin miqdarca dəyişməsi, bitkilərin quraqlığa davamlılığı, yarpaq orqanının susaxlama qabiliyyəti, yeni zoğların və yarpaqların boy və inkişaf dinamikasının, onların məhsuldarlığına və məhsulun keyfiyyət göstəricilərinə təsiri təyin edilib və yeni təkliflər verilib.